27/07/2024 07:03
728 x 90

Ukraynadan Rusiyaya silah axır - həqiqət, ya Putinin yeni planı...

Elxan Şıxəliyev: “Bu, sadəcə, real təhlükənin qarşısını almağa hesablanan həyəcan təbilidir”

img

Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiyada silah dövriyyəsini, o cümlədən Ukrayna ərazisindən qeyri-qanuni tədarükləri müzakirə edib və tədbir görməyə çağırıb.

Putin vurğulayıb ki, silah alveri məsələsi həmişə vacibdir, lakin bu gün bu mövzu “yaşadığımız” şəraitdə xüsusilə aktualdır:

“Biz düşünməliyik ki, silah və sursat Rusiya Federasiyasının ərazisinə qeyri-qanuni yollarla, o cümlədən Ukrayna ərazisindən - bizim qoşunlarımıza deyil, Rusiya ərazisinə hələ də Ukrayna ərazisindən daxil olur”.

Dövlət başçısı bütün kanalları yoxlamağı, idarə nəzarətinin necə təşkil edildiyini və normativ-hüquqi bazanın gücləndirilməsi üçün əlavə tədbirlərə ehtiyac olub-olmadığını görməyi təklif edib. Əməliyyat müşavirəsində Rusiya Qvardiyasının direktoru Viktor Zolotov və daxili işlər naziri Vladimir Kolokoltsev məruzə ediblər. İclasda həmçinin Dövlət Dumasının və Federasiya Şurasının sədrləri Vyaçeslav Volodin və Valentina Matvienko, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FSB-nin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin Sergey Narışkin və Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

Oktyabrın 20-də Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Rusiya və Belarus prokurorluqlarının birgə kollegiyasının iclasında qeyd edib ki, Ukraynadakı xüsusi əməliyyat zonası da daxil olmaqla, silahların qanunsuz yayılması risqləri hələ də yüksəkdir. İl yarım ərzində qanunsuz dövriyyədən 8000-dən çox silah götürülüb və bu sahədə 37000-dən çox qanun pozuntusu müəyyən edilib.

Bu həqiqətən belədir, yoxsa Rusiya Ukrayna ilə bağlı addımlar atmaq üçün növbəti zəminləri hazırlayır?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya prezidentinin vurğuladığı bu məsələ sırf əməliyyatlar səhnəsində olan silahlı qüvvələrin silahlandırılmasını nəzərdə tutmur: “Rusiyanın siyasətindən narazı olan mülki əhalinin əlinə silahların keçməsi ola bilər. Demək istəyir ki, sərhədyanı bölgələrdə bu silahlardan gələcəkdə Rusiyanın hökumət qüvvələrinə qarşı istifadə oluna bilər. Adətən belə işlərlə qeyri-qanuni silah alveri ilə məşğul olan cinayətkar dəstələr məşğul olur. Ərazi bunu həyata keçirmək üçün çox münbitdir. Eyni zamanda müharibə gedən ərazidə satmaq üçün silahları əldə etmək çox asandır. Normalda  silah əsgərin əlində olmalıdır. Ancaq bazarlara çıxır. Hesab edirəm ki, bu məlumatlar dəqiqdir. Hansısa planın tərkib hissəsi deyil. Belə olmasaydı, bu səviyyədə müzakirə edilməzdi. Xüsusi orqanlara tapşırıq verir ki, prosesin qarşısı alınsın. Görünür,  vəziyyət o həddə  çatıb ki, Rusiyanın kriminal durumu üçün ciddi təhlükə var. Rusiya üçün əlavə zəminə ehtiyac yoxdur. Çünki açıq şəkildə müharibə gedir. Bundan artıq nə ola bilər? Bu, sadəcə, real təhlükənin qarşısını almağa hesablanan həyəcan təbilidir”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar