20/05/2024 09:19
728 x 90

Böyük Qayıdış demoqrafik tərəqqinin yeni istiqamətini açmaqdadır...

img

Prezident İlham Əliyev tərəfindən 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən, strateji əhəmiyyət hədəfləyən " Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" milli maraqlarımızı, dövlətçiliyimizi dəstəkləyən tarixi sənəddir. Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, eyni zamanda gözlənilən nəticələr, ehtimal edilən risqlərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər Dövlət Proqramında əks olunan vacib məsələlərdəndir. Dövlət Proqramının hazırlanması düzgün aspektdə həllini tapmış, mütərəqqi beynəlxalq təcrübələrə əsaslanıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları olduqca vacibdir.

  • Demoqrafik meyllər nəzərə alınmaqla…

Əhalinin geri qayıdışı prosesinin demoqrafik meyllər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun şəkildə aparılması, məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruri amillərdir.

Dövlət Proqramının əsasında iqtisadi inkişafın dəstəklənməsi, təhlükəsizlik, qabaqcıl infrastrukturun qurulması, müasir yaşayış məntəqələrinin yaradılması, ekoloji təmiz mühitin təmin edilməsi kimi əsas faktorlar durur. Belə ki, Proqramın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri yaradılıb.

  • Vətən müharibəsində əldə olunan qələbə demoqrafik artım məsələsində də yeni mərhələ və reallıq formalaşdırıb

Göründüyü kimi, işğaldan azad edilən ərazilərə qayıdış ailə və demoqrafiya modelində yeni istiqamətlərin açılmasında  yeniliklər vəd edir.

44 günlük Vətən müharibəsində əldə olunan qələbə demoqrafik artım məsələsində də yeni mərhələ və reallıq formalaşdırıb. Belə ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi bir sıra yeni qurulacaq ailələr üçün mühüm perspektiv vəd edir. O baxımdan ki, dirçəliş mərhələsində olan Qarabağ yeni sakinləri ilə böyüyəcək, canlanacaq, yenidən öz inkişafına qovuşacaq. Bu gün həmin torpaqlarda mühüm tikinti-quruculuq işləri aparılır. Artıq bəzi kəndlərimizə, bölgələrimizə Böyük Qayıdış həyata keçirilir. Ümidvarıq ki, həmin regironda yaradılan şərait, ailələrin inkişafı üçün həyata keçiriləcək layihələr demoqrafik artımımızda daha yüksək nəticələrə yol açacaq. Həmin regionlarda məskunlaşacaq ailələr əsasən gənc ailələr olacaq. Onların hərtərəfli inkişafı üçün dövlətimiz bütün lazımi şəraiti yaradır. Bu isə xalqımızın sayının gələcək illərdə daha da artmasına yol açacaq. İşğaldan azad edilmiş regionlarda insanların artım tempinin yüksəlməsi isə qarşıdakı yaxın gələcəkdə milli iqtisadiyyatımıza da öz müsbət töhfəsini verəcək. Prezident İlham Əliyev də öz çıxışlarında bildirib ki, demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Beləliklə, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanı regional güc mərkəzinə çevirən faktorlardan biri kimi demoqrafik amil öz sözünü deyir. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının mütləq çoxluğunu təşkil edir, ölkəmiz regionda ən güclü orduya sahibdir.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar