20/05/2024 10:53
728 x 90

Kanadanın ermənipərəst siyasətini Fransa yönəldir...

img

Fransa ilə yanaşı, “ermənidən artıq erməni olan” dövlətlərin sırasında Kanada da var. Mövcudluğu ərzində dünyada baş verən ciddi münaqişələrə reaksiya verməyən, əsasən neytral qalmağa üstünlük verən Kanada hökumətində son bir neçə ildə saxta “erməni sevgisi” pik həddə yüksəlib.

Anti-Azərbaycan isterika isə ölkə rəhbərliyində özünü daha qabarıq göstərir. Artıq Azərbaycana qarşı sanksiyaların tətbiqindən dəm vurmağa başlayıblar.

Ermənistanı "su yolu"na döndərən Kanadanın xarici işlər naziri xanım Melani Coli anti-Azərbaycan isterikanın başında durur. O, riyakarcasına Azərbaycandan tələb edib ki, Qarabağdan könüllü çıxan insanların qayıtmasına şərait yaratsın. Özü də Kanadanın xarici işlər naziri artıq neçənci dəfədir ki bütün etik çərçivə və normaları aşaraq anti-Azərbaycan ruhlu bəyanatlarla çıxış edir. Ermənistanın 30 illik işğalı zamanı səsi çıxmayan Kanada bütün beynəlxalq hüquq normalarını pozduğunu da anlamır, nə BMT-nin bölgəyə səfər edən missiyasının, nə də Beynəlxalq Qızıl Xaç Komitəsinin hesabatlarına nəzər salır.

Ancaq maraqlıdır, Kanada niyə bu qədər ermənipərəstdir və niyə bu qədər anti-Azərbaycançı mövqe  göstərir?

  • Aydın Quliyev: “Kvebek separatizmi və oxşar müstəmləkə cinayətləri Fransanı və Kanadanı eyni dərəcədə ermənipərəst və anti-Azərbaycan siyasəti aparmağa yönəldir”

Siyasi şərhçi, “Bakı-Xəbər” Media Qrupunun rəhbəri  Aydın Quliyev hesab edir ki, bu səbəbsiz deyil: “Kanada keçmiş Britaniya müstəmləkəsi olub, məntiqlə onun bugünkü siyasəti daha çox Britaniya siyasətinə uyğun olmalıdır, nəinki Fransa siyasətinə…Ancaq Kanada ermənipərəstliyin "ləzzətini çıxarmaqda gül vurur". Niyə?..

Məsələ burasındadır ki, Kanadada fransızların kompakt  yaşadığı Kvebek adında əyalət var və zaman-zaman Kanadadan ayrılıb müstəqil olmaq uğrunda mübarizə aparıb. Maraqlıdır ki, SSRİ dağılandan sonra Kvebekdə etnik separatizm bir az səngidi, daha doğrusu, Fransa burada separatizmə dəstəyi müvəqqəti  dayandırdı. Əvəzində isə Kanada bir sıra məsələlərdə öz xarici siyasətini Fransa prezidentlərinin istədiyi kimi qurmalı oldu... Məsələn, Kanadanın baş naziri Castin Tryuda Ottavada siqh liderinin qətlində Hindistanı ittiham etdi, fərqinə varmadı ki, Hindistan Ermənistanın fəal hərbi sponsorlarından birinə çevrilib. Bu pozisiyada Kanada  Rusiyanın müttəfiqi olan Hindistanın əleyhinə getməyi daha böyük hədəf hesab etdi…Çünki ona bu sifariş Fransadan gəlib.

Bəs Kanadanın Ermənistana verdiyi dəstəyin Fransaya nə dəxli var? Birbaşa dəxli var...

Fransa Kanadanı fransızdilli Kvebek əyalətində separatizmə dəstək vermək hədəsi ilə şantaj edir. Bu səbəbdən Kanada Fransanın əlində oyuncaq dövlətə çevrilir və Kvebekdə fransız separatizmi qızışmasın deyə onun "çaldığı havaya oynayır"...

Ermənipərəst və vicdansız siyasətdə Kanada ilə Fransanı birləşdirən səbəb tək bu deyil. Başqa bir səbəb də var. Həm Fransanın, həm də Kanadanın tarixində müstəmləkə dövrlərinə gedib çıxan oxşar cinayət məsuliyyətləri var. Kanada 18-19-cu əsrlərdə yerli hinduları vicdansızcasına qırmaqda məsuldur. Məşhur hindu sərkərdəsi Pontiakı öz xalqının qatilinə çevirən kanadalılar deyildimi? Bu gün həmin Pontiakın adına ABŞ-da avtomobil buraxırlar. Fransa isə milyonlarla əlcəzairlini, haitilini, Polineziya və Kakedoniya sakinini genosid etmək cinayətinə sahibdir...

Beləliklə, Kvebek separatizmi və oxşar müstəmləkə cinayətləri Fransanı və Kanadanı eyni dərəcədə  ermənipərəst və  anti-Azərbaycan siyasəti aparmağa yönəldir...

Fransa və Kanada səfirliklərinin təpəri və qeyrətləri varsa, bu arqumentləri inkar etsinlər...”

  • Elşən Mustafayev: “Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqe tamamilə əsassızdır”

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Cənubi Qafqazda "savaşa qoşulan" Fransanın diqtəsi ilə oturub-duran Kanadanın son tezisləri Parisdən və ABŞ-dan aldığı gün kimi aydındır: “Kanadalı nazirin səsləndirdiyi açıqlamalar onun XİN başçısı kimi səriştəsizliyini üzə çıxarıb. Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan və Parisdən gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. İndiyə qədər heç bir beynəlxalq münaqişəyə rəy belə bildirməyən Kanadaya nə düşüb ki, durub bir ovuc erməni ilə maraqlansın? XİN rəhbəri ölkəsində aborigen hindu əhalinin başına hansı müsibətləri gətirdiklərini yəqin unutmuş deyil. Unudubsa, yalnız son illər ərzində hinduların basdırıldığı saysız-hesabsız kütləvi məzarlıqlara nəzər salsın. Ermənilər də, güman ki, onlardan ilhamlanaraq Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib, Kanadadan nümunə götürərək soydaşlarımızı kütləvi məzarlıqlarda basdırıb. Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi isə tamamilə əsassızdır. Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir. Burada Fransa barmağı açıq-aydın görünür”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar