20/05/2024 11:35
728 x 90

Azərbaycanda elektromobillər çoxlu problemlər yaradır...

img

Bu gün ölkəmizdə ekoloji təmiz maşınlardan istifadəni artırmaq üçün müxtəlif stimullaşdırıcı addımlar atılır. Hökumət avtomobil parkındakı durumu yaxşılaşdırmağı qarşıya məqsəd qoyub. Bu fonda elektromobillərə və hibrid avtomobillərə üstünlük verilir. Çünki benzin və dizel də ətraf mühitə çox ziyan vurur.

Azərbaycan Dövlət Gömrük Komitəsinin 2023-cü ilin ilk 9 aylıq hesabatına əsasən, bu il ərzində ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin sayı keçən illə müqayisədə dəfələrlə artıb. 2022-ci ilin ilk doqquz ayında ölkəyə gətirilən bu növ avtomobillərin sayı təxminən 300 ədəd olduğu halda, 2023-cü ilin ilk 9 ayında bu rəqəm 2100-dən çox təşkil edib.

Bu göstəricilərin arxasında duran səbəblər və bütövlükdə ölkədə elektrik mühərrikli avtomobillərin gələcəyi haqda iqtisadçı Toğrul Vəliyev qeyd edir: “Bloomberg”in tədqiqatına görə, bir ölkədə əhalinin elektrik avtomobillərə adaptasiyası üçün onların sayı ümumi maşın sayının 5 faizini keçməlidir. Yəni ki, həmin sayı keçəndən sonra elektrik avtomobillərin ənənəvi mühərrikli avtomobillərlə rəqabətdə olduğunu demək olar. 2022-ci ilin rəqəmlərinə əsasən Azərbaycanda elektrik avtomobillərin payı 0.07 faiz, hibrid avtomobillərin payı isə 2.29 faiz təşkil edir. Ona görə də indiki halda bir tendensiya haqda danışmaq hələ tezdir. Azərbaycanda ölkəyə idxal edilən elektrik avtomobillər gömrük rüsumundan, ƏDV-dən və bir neçə digər ödənişlərdən azaddır. Lakin gömrük rüsumundan azadolma yalnız son üç il müddətində istehsal edilən avtomobillərə tətbiq edilir. Biz hamımız başa düşürük ki, Azərbaycana yeni avtomobil gətirən çox azdır”. Elektrik mühərrikli avtomobillərin istifadəsi və potensial tələbin artımı üçün Azərbaycanda müvafiq infrastrukturun qurulması haqqında isə ekspert bildirir: “Digər ölkələrə nəzər salsaq, elektrik avtomobillərinin sayının artmasının arxasında müəyyən iqtisadi səbəblər durur. Bu nəqliyyat vasitəsi ucuz olmalıdır. Qiymət baxımından yox, istifadə baxımından. Məsələn, yanacağa çəkilən məsrəflə müqayisədə. Nə qədər şikayət etsək də, Azərbaycanda ümumən nisbətdə benzin daha ucuzdur. Bu səbəbdən, elektrik avtomobilləri istifadəsi Azərbaycanda yanacaqla çalışan avtomobillə müqayisədə ucuz olmayana qədər bu, bir trendə çevrilməyəcək. Digər məsələ isə tələbatla bağlıdır. İnfrastrukur boş yerdə yaradılanda çox mənasız bir şeyə çevrilir. Ona görə də tələbat olmalıdır ki, nəsə yaransın”. Bu arada qeyd edək ki, “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyi ölkədəki yanacaq doldurma məntəqələrində elektromobillər üçün enerji doldurma yerlərinin açılması istiqamətində iş aparır. Bu məqsədlə Türkiyə və Böyük Britaniyadan olan şirkətlərlə görüşlər davam edir. Enerji doldurma yerlərinin açılmasına maraq göstərən investorlar var. Bakıdakı yanacaq doldurma məntəqələrində enerji doldurma qurğularının  quraşdırılmasına ilkin mərhələdə 3 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulub. Tədricən bu məbləğ artacaq. Yanacaq doldurma məntəqələrində 1 qurğunun yerləşdirilməsi 200 min dollara başa gəlir. İlkin olaraq Bakıda 8 yanacaq doldurma məntəqəsinin əhatə edilməsi planlaşdırılır. Regionlara isə 1,5–2 milyon dollar arası yatırım gözlənilir.

O da qeyd edilməlidir ki, elektrikli avtomobillərin qiymət çeşidlərində də əvvəlkinə nisbətən dəyişiklik var. Artıq hər qiymətə elektromobil almaq olur. Bakıda elektrikli avtomobillər üçün infrastruktur genişlənir. Şarj məntəqələri çoxalır. akıda ticarət mərkəzlərində, bir çox restoranlarda, hətta yeni yaşayış komplekslərinin dayanacaqlarında özəl sektor nümayəndələri tərəfindən şarj məntəqələri quraşdırılıb. Yanacaqdoldurma məntəqələrində enerji doldurma stansiyaları da fəaliyyət göstərir. Əsas problem bölgələrə gedərkən yolüstü məntəqələrin olmaması, yaxud məhdudluğudur. Bakıda bu problem həllini tapır. Xarici ölkələrin qanunvericiliyində belə bir qayda var ki, yeni tikilən binalarda elektromobillərin enerji doldurması üçün yerlər olmalıdır. Həmçinin, qanun yanacaqdoldurma məntəqələrini də məcbur edir ki, maşınların enerji şarjı üçün şərait yaratsınlar. Bizdə isə bunlar mövcud deyil.  Amma indilikdə görünən odur ki,  elektriklə işləyən avtomobillər bu gün davamlı nəqliyyatın mühüm elementi kimi sürətlə populyarlıq qazanır. Bu innovativ nəqliyyat vasitələri həm ekoloji cəhətdən təmiz, həm də enerji baxımından qənaətcil olduğu üçün getdikcə daha çox istehlakçı tərəfindən seçilir. Hökumətin belə avtomobillərin idxalı üçün tətbiq etdiyi indiyədək görünməmiş güzəştlər sayəsində bu avtomobillər daha sərfəli variantlara çevrilməkdədirlər. Qüvvədə olan qanuvericiliyə əsasən, zavod istehsal tarixi 3 ilə qədər olan elektromobillər idxal rüsumu (15%) və ƏDV (18%) ödənişindən azaddırlar. Bununla yanaşı, əməliyyatın rəsmiləşdirilməsi zamanı gömrük yığımları, vəsiqə haqqı, elektron gömrük xidmət haqqı və elektron gömrük xidmət haqqı üzrə ƏDV hesablanır. Ölkəyə idxal  olunan elektromobillərin rəsmiləşdirilməsi zamanı vergi, rüsum və digər yığımlar üçün hesablamalar avtomobilin gömrük dəyəri əsasında hesablanır. Hazırda Azərbaycanda onlarla şirkət müxtəlif ölkələrin istesalı olan ən müxtəlif model və modifikasiyalarda elektrik avtmobilləri təklif edir.

Ramil QULİYEV

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar