Elşad Musayev: “Paşinyan Aİ missiyası adı altında Rusiyaya təzyiq etməklə bu ölkədən nəsə qoparmaq istəyir”
ABŞ Ermənistanda Avropa İttifaqının müşahidə missiyasını dəstəkləyir. “Azadlıq” radiosunun erməni xidmətinin yaydığı məlumata görə, bu, ABŞ səfirliyinin məlumatında qeyd olunub.
Radio səfirlikdən Aİ missiyasının genişləndirilməsi ilə bağlı etibarlı məlumatların olduğunu nəzərə alaraq, ABŞ-ın müşahidə missiyasına qoşulmasının mümkün olub-olmadığını soruşub.
ABŞ səfirliyi yalnız qeyd edib ki, onlar tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda qarşılıqlı etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün konstruktiv atmosferin təmin edilməsi istiqamətində səylərini alqışlayırlar. ABŞ səfirliyinin bununla bağlı cavabında deyilir ki, “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyir”.
Məlum olduğu kimi, Kanada Aİ missiyasında təmsil olunur. İndi də ABŞ Aİ missiyasına qahmar çıxır və bunu açıq bəyan edir. Nə baş verir?
- “ABŞ-da müəyyən ermənipərəst dairələr var ki, bunu Bayden adminstrasiyasının gündəliyinə daxil etmək istəyirlər”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Məlum olduğu kimi, Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhədin Ermənistan tərəfində fəaliyyət göstərir. Ermənistan çalışır ki, müşahidə missiyasına daha çox Qərb dövlətinin nümayəndə heyəti cəlb olunsun. Bununla bir tərədən erməni tərəfi öz təhlükəsizliyini qoruyub saxlamaq iddiasında olduğunu bildirir. Digər tərəfdən, ayrı-ayrı ölkələri bu bölgəyə cəlb etməklə burada maraqları toqquşdurmaq istəyirlər. Eyni zamanda, öz maraqlarını güdürlər. Yəni ayrı-ayrı dövlətlərin maraqları burada toqquşsun və Ermənistan bölgədə cəlbedici dövlətə çevrilsin. Nəticədə Ermənistan nəyisə özünə qoparsın. Erməni tərəfinin apardığı siyasət əsasən bunun üzərində köklənib. Bu minvalla Paşinyan həm də öz təhlükəsizliyini, hakimiyyətdə qalma müddətini təmin etmiş olur. Çünki ayrı-ayrı dövlətlərin bölgədə öz maraqları var və Paşinyan da özünü Qərbin təmsilçisi kimi təqdim edir. Məsələnin başqa bir tərəfi onunla bağlıdır ki, Paşinyan Aİ missiyası adı altında Rusiyaya təzyiq etməklə həm də bu ölkədən nəsə qoparmaq istəyir. Belə bir mürəkkəb siyasi konfiqurasiya fonunda Ermənistan Birləşmiş Ştatları da Aİ missiyasına cəlb etmək istəyir. Ona görə də ABŞ-da müəyyən ermənipərəst dairələr var ki, onlar bunu Bayden adminstrasiyasının gündəliyinə daxil etmək istəyirlər. Onların imkanı olsa, ABŞ-ı da müşahidə missiyasına cəlb edərlər. O üzdən belə bir atmosfer yaradıblar. Bundan sonrakı mərhələni zaman göstərəcək. Yəni ABŞ-ın müşahidə missiyasına qoşulacağını konkret demək çətindir. Görünən odur ki, Qərbin Ermənistanda artan fəallığı Rusiyada qısqanclıqla qarşılanır. Eyni zamanda digər dövlətlər bunu xoş qarşılamır. Həmçinin qardaş Türkiyə də buna qarşıdır. Maraqlı olan odur ki, Aİ missiyasının varlığı İranın maraqlarına uyğun olmasa da, Tehran rejimi Ermənistanla qardaşlığını yenə davam etdirir. Belə məlum olur ki, Ermənistan bu yolla regionda qarşıdurma yaradaraq götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir”.
Vidadi ORDAHALLI