15/10/2024 00:37
728 x 90

Şamaxıda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi - FOTO

img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası oktyabrın 31-də Şamaxı Rayon Mədəniyyət Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirdi.

Xatırladaq ki, birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Qeyd edək ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı-Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib.

Cildliklərin təqdimat mərasimində Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan şəhid ailələri iştirak edirdilər.

Təqdimat mərasimində öncə dövlət himni səsləndi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı şair - publisist Rəfael Tağızadə sözü Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədova verdi. İcra başçısı çıxışında dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və  qayğıdan söz açdı.

Tədbirdə Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova

çıxış edərək təqdimatı keçirilən cildliklər, bu nəşrlərin yaranma tarixi, Xatirə Kitabı redaksiyasının gördüyü işlər barədə danışdı. "Xalqımız tarixi anlar yaşayır. Cənab Ali Baş Komandanın və müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində illərdir şəhid qanı ilə suvarılan torpaqlarımız artıq azaddır. Əlbəttə, müharibə qansız-qadasız ötmür, şəhidlərimiz var... Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük Zəfər bəxş edən bu cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə ümdə iş görür, redaksiya bu prosesi öz üzərində bir məsuliyyət kimi hiss edir..."-deyə N. Məmmədova vurğuladı.

Şamaxı rayonundan olan şəhid Zöhrab Allahverdiyevin atası Allahverdiyev Sübhan çıxış edərək, oğlunun və bütün şəhidlərin xatirəsinə göstərilən ehtiramdan danışdı.

Təqdimat mərasimində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, aktrisa Zülfiyyə Eldarqızı və rejissor Vüsal Nuru da çıxış etdilər.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan Rayon İcra Hakimiyyətlərinin rəsmi nümayəndələri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Sonda "Vətən daşı və ya 44 günün dastanı" adlı layihə çərçivəsində Ömər Rəhimliyə həsr olunmuş film nümayiş etdirildi.

“44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimindən geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.

İradə SARIYEVA
Şamaxı

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar