Məlum olduğu kimi, bu günlərdə Amerikanın “Wall Street Journal” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Rusiya hərbi bazalarının ölkədə olmasında heç bir üstünlük görmür.
Onun sözlərinə görə, Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmir və bu, İrəvanı digər ölkələrlə münasibətlərə yenidən baxmağa və təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarmağa məcbur edib. Kreml artıq Paşinyanın tənqidinə cavab verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva və İrəvanın qəzet vasitəsilə əlaqə saxlaması düzgün deyil. Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsi bağlamağa kömək etməyə çalışacaq.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası daimi olaraq Ermənistanda yerləşir. Onun istismarı ilə bağlı müqavilə 2044-cü ilə qədər uzadılıb. Kontingentin sayı təxminən 4 min hərbçidir. İndi maraq doğuran odur ki, Paşinyanın Moskvanı davamlı tənqid etməsindən sonra nə ola bilər və Ermənistan Rusiya hərbçilərini öz ərazisindən çıxara bilərmi? Bu barədə rus politoloq Ruslan Aisin “Current Time” telekanalına müsahibəsində olduqca maraqlı məqamlara toxunub. O hesab edir ki, Nikol Paşinyan birbaşa Moskva ilə münaqişəyə girir və bu fonda da bəyan edir ki, Ermənistan ərazisində Rusiya bazalarına ehtiyac yoxdur: “Necə deyərlər, arxetipik olaraq götürsək: “Əvvəlcə söz deyilir”. Hər şey sözlərlə başlayır. Paşinyan təcrübəli və anlayışlı insandır. Ona görə də əvvəlcə sözü ekspert məkanına, sonra ictimai sahəyə atır. Və bundan sonra, məncə, Rusiya kontingentinin Ermənistan ərazisindən çıxarılması üçün konkret addımlar atılacaq, çünki həqiqətən də, Rusiya Ermənistanın tərəfdaşı, dostu və strateji müttəfiqi statusunu itirib. Üstəlik, Paşinyan hazırda Fransa və ABŞ kimi digər maraqlı tərəflərlə münasibətləri gücləndirmək üçün fəal işləyir. Yeri gəlmişkən, İran tədricən kənara çəkilir. Ona görə də Rusiya təbii olaraq burada üçüncü ölkə statusundadır. Əvvəlcə Rusiya Ermənistanda hərbi və siyasi mövcudluğun qarantı kimi çıxış edirdi. Amma Azərbaycanla münaqişədən sonra məlum oldu ki, Rusiya Ermənistanın müdafiəçisi deyil. Üstəlik, Paşinyan əvvəlcədən də Rusiyaya qarşı yönəlmişdi. Və əvvəllər Ermənistanda yerləşmiş “Qarabağ klan”ı deyilən və ciddi şəkildə Moskvaya yönəlmiş klan indi faktiki olaraq məhv edilib. Özü də daha çox Qarabağ Azərbaycanın nəzarətinə keçəndən sonra. Ona görə də orada Rusiyanın varlığı heç bir şəkildə görünmür. Və bu mənada Paşinyan siyasi gəmisini Rusiyadan uzaqlaşdıracaq”. Beləliklə gözlənilir ki, Paşinyan Rusiya kontingentinin Ermənistan ərazisində mövcudluğunu daha da sıxışdıracaq. Ruslan Aisin bu xüsusda qeyd edir: “Təbii ki, Rusiya buna qarşı olacaq, Rusiya qalmaq üçün hər şeyi edəcək. Bəzi təxribatları, bəlkə də atışmaları da istisna etmək olmaz. Amma ümumilikdə Ermənistan bu 102-ci bazanın yerləşməsi ilə bağlı razılaşmanı birtərəfli qaydada poza və bunun hüquqi baxımdan mümkün olmaması üçün hər şeyi edə bilər. Yaxud, məsələn, Ermənistan ərazisində digər hərbi kontingentləri yerləşdirə bilər. Məsələn, BMT-nin sülhməramlı qüvvələri və ya çox dostluq münasibətləri olan Fransa ordusunun bölmələri Ermənistana gələ bilər. Və bu mənada Rusiyanın ölkəni tərk etməkdən başqa yolu qalmayacaq. Üstəlik unutmayaq ki, KTMT də var. Bundan əvvəl Paşinyan dəfələrlə bildirib ki, Ermənistanın KTMT-də mövcudluğu sadəcə mənasızdır, çünki KTMT rəsmi İrəvana heç bir şəkildə kömək etməyib. Düşünürəm ki, əvvəlcə Ermənistanın KTMT-dən çıxması prosesi başlayacaq, sonra isə Rusiya hərbi kontingenti sıxışdırılacaq. Ümumilikdə vektor aydındır”.
Hesab edilir ki, bu ssenari fonunda Rusiya bazaları Ermənistan üçün təhlükə yaradacaq. Elə Ruslan Aisin də bunu təsdiq edir: “Əlbəttə, bu gözləniləndir. Amma Rusiya indi Ermənistanı təhdid etmək və ya orada əlavə münaqişə nöqtəsi açmaq iqtidarında deyil, çünki məlum idi ki, rus qoşunları kontingentin bir hissəsini Ukraynaya keçirir. İndi onun sadəcə kadr çatışmazlığı var, bu bazanı yeni resurslarla, yeni ehtiyatlarla doldura bilmir. Ona görə də indi bütün diqqət Ukraynaya yönəlib. Ola bilsin ki, Paşinyan buna ümid edir. Əgər Qərb dövlətləri qarant rolunda çıxış edirlərsə, unutmayaq ki, bir müddət əvvəl orada 50 nəfərin iştirakı ilə erməni-amerikan hərbi təlimləri keçirilib, amma nə olursa olsun, bu çox mühüm demarşdır. Məsələn, Amerika və Fransa bazalarının yerləşdirilməsi avtomatik olaraq orada rus kontingentinin mövcudluğunun sadəcə olaraq yersiz olduğu anlamına gələcək. Düşünürəm ki, belə halda Paşinyan üçün təhlükə artacaq. Çünki ruslar dəfələrlə Rusiyanın Paşinyan hökumətini devirmək istəyinin olduğunu bəyan ediblər. Ona görə də hesab edirəm ki, Paşinyan da şəxsən bu bazanı tez bir zamanda bağlamaqda maraqlıdır”. Qeyd edək ki, Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Fransa bu istiqamətdə aktivliyini davam etdirir. İrəvan nəinki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq, hətta Ermənistandakı Rusiya hərbi bazasından yaxa qurtarmağa çalışır. Ehtimallara görə, rusların fransızlarla əvəzlənməsi planı qətiləşə bilər. Keçmiş müstəmləkələrindən biabırçılıqla qovulan Fransa, görünür, Ermənistanda hərbi iştirakını qətiləşdirməkdə israrlıdır. Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edən rəsmi Parisin Ermənistanı ən müasir silahlarla təchiz etməsi də bunu göstərir.
Tahir TAĞIYEV