Yaxın Şərqdə hadisələrin inkişafı getdikcə daha dramatik xarakter alır. Bu gedişlə Üçüncü Dünya müharibəsinin də elə bu bölgədən başlaması istisna olunmur. ABŞ-ın, ərəb dövlətlərinin, Avropanın, İranın, hətta Rusiyanın prosesə müdaxiləsi artıq an məsələsi hesab edilir.
Məhz belə bir vaxtda Birləşmiş Ştatların regiona daha çox hərbi avadanlıq göndərdiyi, amerikalılara və ABŞ-ın bölgədəki obyektlərinə əhəmiyyətli təhlükələr barədə xəbərdarlıq etdiyi zaman Yaxın Şərqdə daha geniş müharibə ilə bağlı narahatlıqlar artır. Daha genişmiqyaslı müharibə başlayacağı təhlükəsi fonunda Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi ABŞ-ın bölgədəki maraqlarına qarşı hücumların artdığını deyib: “Biz İranın HƏMAS və “Hizbullah”ı dəstəkləməyə davam etdiyini bilirik. Və biz İranın bu hadisələri diqqətlə izlədiyini, bəzi hallarda bu hücumlara fəal şəkildə kömək etdiyini və münaqişədən özləri və ya İranın xeyrinə istifadə etmək istəyən başqalarını təhrik etdiyini bilirik. Biz bilirik ki, İranın məqsədi bunları müəyyən dərəcədə inkar etməkdir, lakin biz onlara bunu etməyə yol verməyəcəyik. Biz, həmçinin, regionda maraqlarımıza qarşı hər hansı təhlükənin cəzasız qalmasına imkan verməyəcəyik”. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi mövcudluğunu artırdığını bildirib: “Bildiyiniz kimi, bu yaxınlarda biz İraq və Suriyadakı qüvvələrimizin yerləşdiyi bazalara raket və pilotsuz uçuş aparatlarının hücumlarını gördük. Biz mümkün eskalasiyadan narahatıq. Əslində, biz bütün regionda qüvvələrimiz və insanlarımıza qarşı hücumların əhəmiyyətli dərəcədə artması ehtimalını görürük. Və buna görə də biz qüvvələrimizin yaxşı vəziyyətdə olmasına və onların qorunmasına əmin olmaq üçün lazım olan hər şeyi edəcəyik”. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Bloomberg“ agentliyinə müsahibəsində qeyd edib ki, Vaşinqtonun İsrailə tam dəstək verməsi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər: “ABŞ başqalarına təmkinli olmağı tövsiyə edir, lakin özü İsrailə tam dəstək verir. Əgər ABŞ etdiyi əməlləri etməyə davam edərsə, ABŞ-a qarşı yeni cəbhələr açılacaq”. Bu fonda
Birləşmiş Millətlər Təşkilatı və humanitar qruplar döyüşlərə “humanitar fasilə” verilməsinə çağırır. Dövlət Departamentinin sözçüsü Metyu Miller bununla bağlı deyib: “İstənilən atəşkəs HƏMAS-a dincəlmək, gücünü bərpa etmək və İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək”. Deməli, bölgədə vəziyyət daha da gərginləşəcək. İsrailin baş naziri Benyamin Netanyahu qeyd edir ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat Fələstin anklavında üçüncü mərhələyə daxil olub. Bu, yerüstü əməliyyatların genişləndirilməsini əhatə edir: “Biz müharibənin ortasındayıq. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir”.
Netanyahu xatırladıb ki, İsrail üçün əsas məqsəd Fələstinin HƏMAS radikal qruplaşmasının hərbi və inzibati potensialını tamamilə məhv etməkdir. Onun sözlərinə görə, İsrail ordusu sistemli və güclü şəkildə irəliləyir. Bundan əlavə, İsrail ordusu Livandan endirilən zərbələrə görə şimal cəbhəsində yüksək hazırlıq vəziyyətinə gətirilib: “HƏMAS məğlub olacaq, başqa Qəzza olacaq. Qəzza zolağında İsraillə Fələstinin HƏMAS radikal təşkilatı arasında hərbi qarşıdurma bütün dünya üçün dönüş nöqtəsinə çevrilir. Bu, liderlər və xalqlar üçün dönüş nöqtəsidir. Hamımız qərar verməliyik. Ya ümid və vədlərlə dolu gələcək üçün mübarizə aparmalıyıq, ya da zülm və terrora təslim olmalıyıq. Əmin olun ki, İsrail döyüşəcək”. Onun sözlərinə görə, İsrail sivilizasiyanın düşmənləri ilə mübarizə aparır: “Bu düşmənləri məğlub etmək mənəvi aydınlıqdan başlayır. Yaxşı ilə şərin, doğru ilə batil arasındakı fərqi dərk etməkdən başlayır”. Amma İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Qəzza zolağında yerüstü əməliyyatların genişləndirilməsinin İsrail üçün rahat olmayacağını bildirib: “Qəzza zolağının altındakı tunellərin ölçüsünün motosikletlərin və hətta avtomobillərin də oradan keçməsinə imkan verdiyini bildirib. O qeyd edib ki, təkcə anklavın uzunluğu təxminən 400 kilometrdir. Bu keçidlərin bir ucu İsraildə, digər ucu isə Qəzza zolağındadır”.O, fələstinli döyüşçülərin İsrailin quru əməliyyatına hazır olduqlarını vurğulayıb. Baqiri əlavə edib ki, Qəzzada internet bərpa olunan kimi yanmış İsrail tanklarının və ölən əsgərlərin fotoşəkillərini görmək mümkün olacaq. Bununla belə, İsrail ordusu Qəzza zolağına əlavə birliklər daxil edir və anklavda quru əməliyyatının miqyası genişlənməkdə davam edir. İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib ki, yeni piyada, zirehli və mühəndis bölmələri tam qüvvə ilə quruda, havada və dənizdə birləşmiş əməliyyatlar aparmaq üçün anklav ərazisinə daxil olur. İsrail hərbi əməliyyatların miqyasının genişlənməsi ilə əlaqədar bütün beynəlxalq media işçilərindən dərhal Qəzza zolağının şimal hissəsini tərk etməyi tələb edib. Bu arada yayılan məlumatlara əsasən, ABŞ qüvvələri İsrail ordusunun Qəzza zolağında quru əməliyyatlarında iştirak edir. Vaşinqton bunu təkzib edir. Hesab edilir ki, fakt təsdiqini tapsa, İranın da prosesə müdaxiləsi artacaq. Bu, artıq ABŞ və İran arasında birbaşa qarşıdurmaya rəvac verəcək.
Nahid SALAYEV