15/10/2024 01:57
728 x 90

Azərbaycan qaz ixracını artırmağın mənbəyini tapdı...

img

Məlum olduğu kimi, ölkəmizdə 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Tədbirdə çıxışı zamanı Azərbaycan prezidenti ölkəmizə yatırlan investisiyalar sayəsində  enerji ixracı sahəsində əlavə üstünlüklər əldə oluduğunu vurğulayıb: “Əlbəttə, bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var. Biz əsas daşıma infrastrukturunu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəmərini vaxtında istismara vermişik. Bu da daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq”. Xatırladaq ki,  ölkəmiz növbəti illərdə Avropaya qaz ixracını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu fonda Azərbaycan ixrac üçün təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalında günəş,  külək enerjilərindən istifadəyə üstünlük verməklə qitənin enerji təhlükəsizliyindəki rolunu daha da artırmaq niyyətindəndir. Son onillikdə külək və günəş enerjisi istehsalı xərcləri əhəmiyyətli dərəcədə azalıb. Bərpa olunan enerji mənbələri sahəsinin inkişafı Azərbaycana təbii qazı ixrac və neft-kimya sənayesində istifadə üçün qənaət etməyə, parnik qazı tullantılarını azaltmağa və istehsalın şaxələndirilməsi hesabına elektrik enerjisi tədarükünün təhlükəsizliyini artırmağa imkan verəcək.

Bu ilin əvvəlində Azərbaycanın 1280 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşasına start verməsi də prosesdə öz sözünü deyir. Bu, qaza olan tələbin azaldılması, ona qənaət edilməsi baxımından da əhəmiyyətlidir. Çünki bu, nəticə etibarilə mavi qaza qənaət və daha çox ixrac edilməsinə imkan verəcək. Yeni istilik elektrik stansiyası istifadəyə verildikdən sonra Azərbaycanda təxminən bir milyard kubmetrə yaxın mavi qaza qənaət ermək mümkün olacaq.  Elektrik stansiyalarının sayının artması qaza tələbin azalmasına və nəticədə qənaətə gətirib çıxaracaq, həm də ölkəmiz üçün mavi yanacağın ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Beləliklə, Azərbaycan Avropanın nəinki neft və qazla, həm də elektrik enerjisi ilə təminatında fəal rol oynayacaq. Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi bu gün həmişəkindən daha çox aktualdır. Azərbaycan isə nefti, qazı, elektriki və hətta gələcəkdə hidrogenlə təminatında Avropa İttifaqı üçün yeni və etibarlı mənbə olacaq. Bu gün dünyada baş verən proseslər onu sübut etdi ki, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr nəinki ölkəmiz üçün, həm də beynəlxalq əhəmiyyəti baxımından əvəzsizdir. Onu da qeyd edək ki, 2027-cı ilin sonunadək 1862 meqavat həcmində “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə dövlət proqramının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 2030-cu ilədək “Xəzər-Aİ yaşıl enerji dəhlizi” və Azərbaycan-Türkiyə-Avropa dəhlizini yaratmaq və şaxələndirilmiş marşrutlarla təxminən 5 qiqavat həcmində “yaşıl elektrik” enerjisi ixrac etmək məqsədilə intensiv işlər görülür. Xəzər dənizindən başlayan Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın da qoşulduğu dəhlizin texniki iqtisadi əsaslandırması və Birgə Müəssisənin yaradılması istiqamətində müvafiq addımlar atılır. Həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, burdan Avropaya ixracı təşəbbüsü dəyərləndirilir. Digər tərəfədn Qarabağ və Şərqi Zəngəzurun modern quruculuq modelinə, xalis sıfır emissiyalı “yaşıl enerji zonası” konsepsiyasına əsaslanan sürətli və genişmiqyaslı bərpası həyata keçirilir. Bu yerlərdə artıq ümumi gücü 75 meqavat olan 13 stansiya bərpa edilərək istifadəyə verilib. 119 meqavat gücündə 13 stansiyada isə hazırda tikinti işləri aparılır. Həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları inşa olunub, 140 meqavat gücündə su elektrik stansiyalarının tikilib  istismara verilməsi üçün işlər davam etdirilir. Bundan başqa, Neftçalada 390 meqavatlıq günəş, Biləsuvarda 445 meqavat günəş və Qobustanda 200-300 meqavat gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 meqavat gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 qiqavatadək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində ötən ay Batareya Enerji Saxlama Sistemi və quruda 200 meqavat külək layihələri üzrə Yol Xəritəsi imzalanıb Bunlar və digər addımlar Azərbaycanın daha çox təbii qaza qənaət etməsinə, nəticədə ixrac potensialını artırmasına imkan verəcək.

Ramil QULİYEV

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar