Xəyalə Rais: “Qardaş Türkiyənin film şirkətlərindən biri ilə razılaşdırılmışdı, hətta rəsmi açıqlama da verilmişdi, amma indiyə qədər bu serialın bir bölümü belə ortaya çıxarılmayıb”
Xalqımızı, dövlətimizi Zəfərə aparan 27 sentyabra az qalıb. Ermənistanın cəbhəboyu təxribatlarına cavab olaraq Azərbaycanın keçirdiyi əks-hücum əməliyyatının nəticəsi olaraq şanlı ordumuz torpaqlarımızı yağı düşməndən azad etdi, üçrəngli bayrağımızı şəhərlərimizə, kəndlərimizə sancdı.
Müzəffər ordumuzun bu qəhrəmanlıq epopeyası isə təəssüflər olsun kinoda hələ də ifadəsini tapmayıb. Vətən müharibəsindən üç ilə yaxın vaxt keçir, amma hələ də ortada nə film var, nə də serial. Vətən müharibəsində hər əməliyyatın özü bir seraial, film mövzusu olardı. Şuşanın azad edilməsi əməliyyatını bədii kinoda əks etdirib bu unikal hərbi əməliyyat hadisəsinin mahiyyətini dünya ilə bir etmək olardı. Amma edə bilmədik. Vətən müharibəsindən sonra Mədəniyyət Nazirliyindən açıqlama verilmişdi ki, qardaş Türkiyə ilə birgə Qarabağ zəfəri ilə bağlı 8 serialı fikm çəkiləcək. Hətta sabiq mədəniyyət naziri Anar Kərimov 2021-ci ilin martında mətbuata açıqlamasında “30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq. Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək. Biz bunu qardaş Türkiyə ilə birgə eləmək, bərpa işlərində də türk qardaşlarımızla birlikdə çalışmaq istəyirik. Bununla bağlı Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı) arasında müqavilə imzalandı. Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik”-deyə bildirirdi.
Onu da deyək ki, həmin vaxtdan sonra çəkiləcəyi deyilən serial barədə mətbuata məlumatlar verilirdi. Ötən il 8 noyabr ərəfəsində isə məlumat yayıldı ki, Zəfər Günündə filmin ilk seriası nümayiş olunacaq. Amma sonradan nazirlik özü yaydığı xəbəri təkzib edib bildirdi ki, seraialın çəkilən bölümü üzərində iş gedir. Amma keçən bir il müddətində film barədə heç bir məlumat verilmir, ortanı isə şaiyələr bürüyüb. Guya Türkiyə şirkəti təklif olunan vəsaitlə razılaşmayıb və sair. Bütün hallarda bu fikmin çəkilməsi vacibdir.
Mədəniyyət Nazirliyinin Böyük Zəfərlə bağlı vəd edilən serialın, filmin vəziyyəti necədir? Zəfərlə bağlı film nə zaman ortaya çıxacaq, çəkilirmi?
Sualımıza cavab almaq üçün Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, sualımız aidiyyəti sektora yönəldilib, cavab gələndən sonra onu bizə göndərəcəklər. Sorğumuzun cavabı gəldikdən sonra onu sizə təqdim edəcəyik. Nazirliyin mövqeyi öz yerində, məsələ ilə bağlı eyni zamanda ekspert rəyi də öyrəndik.
- “...Mədəniyyət Nazirliyi məsələ qaldırmalıdır”
Medianews.az-ın baş redaktoru, sənətşünas Xəyalə Rais “Bakı-Xəbər”ə şərhində bildirdi ki, indiyə qədər Qarabağ zəfəri ilə bağlı bədii filmin ortada olmaması təəssüf doğurur. X.Rais hesab edir ki, indiyə qədər bu serialın ortada olmamasının səbəbi ən müxtəlif məsələlərlə bağlıdır. “Yaxşı işlənmiş ssenari və büdcə ilə keyfiyyətli film ərsəyə gətirmək olar. Aşağı büdcə ilə çəkildikdə isə keyfiyyətli film ərsəyə gəlmir. Azərbaycanda kino sahəsinə ayrılan büdcə qənaətbəxş deyil. Dövlət bu cür filmlər üçün pul ayırmalıdır. Maliyyə Nazirliyi "Azərbaycanfilm"in fəaliyyətini qınayır. Maliyyə nazirliyindəkilər də bu sahəyə pul ayırmaq üçün ən azından kinodan məlumatlı olmalı, bununla bağlı Mədəniyyət Nazirliyi məsələ qaldırmalıdır. Müharibə mövzusunda yaxşı filmlər çəkmək üçün yaxşı pul lazımdır. Çünki yaxşı film çəkmək baha başa gəlir. Ayrılan xırda büdcə ilə də çəkilən filmlər o keyfiyyətdə, səviyyədə deyil.
Qardaş Türkiyənin film şirkətlərindən biri ilə razılaşdırılmışdı, hətta rəsmi açıqlama da verilmişdi, amma indiyə qədər bu serialın bir bölümü belə ortaya çıxarılmayıb. Bu filmin taleyi bizə müəmmalıdır, yəqin nazirlik özü bu barədə açıqlama verər. Mədəniyyət Nazirliyi bu məsələyə aydınlıq gətirsəydi yaxşı olardı”-deyə X.Rais bildirdi.
Qeyd edək ki, bəziləri Qarabağ zəfəri ilə bağlı filmin əcnəbi şirkətlərlə birgə çəkməyi təklif edir. Amma ekspert deyir ki, bu mövzuda filmi, seraialı yanız bizim dərdimizdən anlayan yüksək səviyyədə çəkə bilər, əcnəbilər yox. “O ki, qaldı əcnəbi rejissorların Qarabağla bağlı çəkəcəkləri filmlərə. Bizim qələbəmizin sevincini, faciəmizi, ağrı-acımızı yalnız azərbaycanlı kino işçiləri anlaya bilər. Əcnəbilərin texniki cəhətdən üstünlüklər ola bilər, amma sırf hissiyyat baxımından o film alınmayacaq. Qarabağdan film çəkmək üçün o ağrı- acını duymaq, onu hiss etmək lazımdır.
Qarabağ uğrunda canından keçən oğulların vətənpərvərliyi, qəhrəmanlığı əsərlərin yaddaşına köçürülməlidir ki, bugünün uşaqları da gələcəyin qəhrəmanına çevrilsin. Axtardıqları həqiqi vətənpərvər prototiplərini tapa bilsinlər. Torpaqlarımızın 30 illik işğalına son qoyan şanlı Azərbaycan Ordusu haqqında təsəvvür tam olsun. Bizdən sonra gələn nəsil öz tarixi qəhrəmanlarını tanımayacaq. Çünki kitaba olan maraq getdikcə azalır, onun yerini telefonlar, planşetlər əvəz edir. Qarabağda şücaəti ilə tarix yazan qəhrəmanlarımız kitablarda qalacaq. Belə getsə bizim uşaqlarımız xarici qəhrəmanları özünə kumir kimi seçəcək. Bu isə heç də xoş hal deyil” - deyə X.Rais qeyd etdi.
İradə SARIYEVA