27/07/2024 06:33
728 x 90

Teatrların nəzdində yaradılan teatr-studiyalarla bağlı ciddi narazılıqlar başlayıb...

Aydın Xan Əbilov: “Teatr-studiyaların açılması bəzi insanların, xüsusən də teatr direktorlarının...”

img

Azərbaycanda teatrların inkişafına ciddi dövlət dəstəyi olsa da, teatrlarımızın güclənməsi prosesi ləng gedir. Həm kino, həm teatr sahəsində meydana çıxan gənclərin əksəriyyəti etiraf edir ki, Azərbaycanda bu sahədə təhsil çox aşağı səviyyədədir.

Üstəlik, teatrlar da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq və rejissorluq bölümünün məzunlarının səviyyəsindən çox narazıdırlar. Elə bundan irəli gəlib ki, Bakıda və bölgələrdə fəaliyyət göstərən teatrların nəzdində teatr-studiyalar yaradılıb. Teatr-studiyaların yaradılmasında əsas məqsəd teatrlar üçün gənc kadrlar yetişdirməkdir. Bəzi iddialara görə, Mədəniyyət və İncəsənət Universitetinin diplom verdiyi gənc aktyorların əksəriyyəti hazırlıqsız olur və onlara bu studiyalarda dərslər keçilir. İndiyə qədər bir sıra tetatrların nəzdində teatr-studiyalar yaradılıb, amma onların heç biri özünü doğurultmayıb. Vaxtilə Tofiq Kazımovun, Lütfi Məmmədbəyovun və başqa ustad sənətkarların xüsusi təlim studiyaları, daha dəqiq desək, yaradıcılıq laboratoriyaları olub, özfəaliyyət dərnəkləri fəaliyyət göstərib, onların sənətə xeyri olub, xeyli sayda sənətkar onların şinelindən çıxıb. Ekspertlərə görə, amma indi yaradılan teatr studiyalarından bu nəticəni gözləmək çətindir. İncəsənət Universiteti varsa, orada tanınmış müəllimlər, aktyor və rejissorlar dərs deyirsə, onda teatrların nəzdində tetar-studiyaların yaradılmasının nə əhəmiyyəti var?  

Ümumilikdə, teatr-studiyaların əhəmiyyəti nədir ki, hər teatra bunun üçün ayrıca vəsait ayrılır? Bir də, təkrar pul qoyub teatr-studiyalar yaratmaqdansa, İncəsənət Universitetini bitirənlərə burada əlavə dərs keşməkdənsə, universitetinin pedoqoji kadrlarına, dərs vəsaitlərinə, təlim proqramlarına əl gəzdirmək lazımdır. Sirr deyil ki, bəzi peşəkarlar bu ali məktəbdən uzaqlaşdırılıb, onların yerini tutanlar isə tələb hazırlamağa elə də qadir olmayanlardır. Düzdür, yaxşı müəllimlər var, amma tələbələrin səviyyəsi narazılıq yaradır. Bütövlükdə, peşəkarlar qeyd edirlər ki, teatr-studiyaların yaradılması əsasən pul silməyə xidmət edir və onun özünü doğuruldacağı gözlənilən deyil. Vaxtilə Azərbaycanda Dövlət Gənclər Teatrı, Kamera Teatrı vardı və bu teatrlarda istedadlı gənclər yetişirdi. Yuğ Teatrı, Dövlət Pantomim Teatrı da bu sahəyə çox töhfələr verib, yaxşı aktyorlar yetişdirib.

 Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində “Teatr sənəti, teatrla bağlı sənətlər, sahələr dünyanın bir çox ölkələrində  öz ilkin əhəmiyyətini dəyişib. Klassik teatrlarla yanaşı modern teatrlar, bir aktyorun teatrı, virtual teatr  və sair yaranıb. Azərbaycanda isə bunların bəzi elementlərini tamaşalarda görürük. Teatr artıq öz missiyasını XX əsrdə yekunlaşdırdı, XXI əsrdə böyük mənalarda teatrlara kütləvi axınları görmürük, görə də bilmərik. Çünki XXI əsrin öz estetik tələbləri, estetik janrları və öz estetik texnologiyaları var. Məsələn, keçən dövrlərdə ənənəvi teatr tamaşaçılarını radio və televiziya, sonra kino, müasir dövrdə internet resursları, internet platformaları teatrın əlindən aldı. Bunu da normal qarşılamaq lazımdır”-deyə bildirdi.

A.X.Əbilov qeyd etdi ki, dünyanın hər bir teatrında əlavə kurslar olur, amma onlar bizim teatr-studiyaları kimi olmur, başqa cür qurulur. “O studiyalar başqa cür qurulur. Məsələn, bir rejissor öz məktəbini yaratmaq üçün teatr kursu, yaxud teatr studiyaları açır, burada tələbələrini yetiŞdirir. Sənətlə, teatrla bağlı ənənəvi olaraq təhsil verən universitetlər yüksək tələblərə cavab verən məzunlar buraxmaya bilər. Azərbaycanda çox məsələlər baş-ayaqdır. Bir çox sahələrdə baş-ayaqlıq var. Teatr studiyalarının açılması bəzi insanların, xüsusən də teatr direktorlarının maraqlarına xidmət edir. Bəzi teatr direktorlarının teatr biletlərinin satışından əldə etdikləri gəlirləri harasa yönəldib oradan əlavə pul çəkməsi kimi məsələlərdən də danlışlır. Vaxtilə teatr studiyaları olub. Yuğ, Kamera teatrları və başqaları əvvəlcə teatr studiyası kimi fəaliyyət göstərib. İndi Kukla Teatrının nəzdində “Oyuq” teatr-studiyası fəaliyyət göstərir, o möhtəşəm tamaşalar hazırlayır və bu tamaşalar dünyanın əksər festivallarında yer tutub. Amma təəssüf ki, heç də bütün teatr-studiyaları özünü doğurultmayıb. Teatr-studiyaları tək-tük hallarda müsbət nəticə verib. Bütövlükdə götürdükdə, teatrların öz yaradıcılıq emalatxanası olmalıdır. Teatr aktyorların yeyib-içmək, bir-biri ilə zarafatlaşmaq yeri deyil. O demək deyil ki, gəldin, bir az məşq etdin tamaşa göstərdin və getdin. Teatr özü müstəqil pul qazanmağı bacarmalıdır. Teatrların nəzdində studiyalar olmalıdır, amma o studiyalar dövlət büdcəsinə yük olmamalıdır. O teatr-studiyalar müasir, modern tamaşalarla yutubda, başqa platformalarda gəncləri teatra cəlb etməlidir. Teatr virtual tamaşalarla, gəncləri maraqlandıran üsullarla tamaşaçıları özünə cəlb edir. Klassik əsərlərlə biz internetlə, sosial şəbəkələrlə yüklənmiş  yeni nəsli teatra gətirə bilmərik. Teatrlar köklü şəkildə dəyişməlidir, burada idarəetmə yenilənməlidir, teatr prodüserləri, teatr menicerləri olmalıdır. Təəssüflər olsun ki, teatr idarəçiliyi Azərbaycanda sıfır vəziyyətdədir. Bu gün Azərbaycanda teatrlara dövlət tərəfindən ayrılan büdcə, yaxud aktyorlara ayrılan Prezident təqaüdləri kəsilərsə onlar fəaliyyət göstərə bilməyəcəklər. Çünki Azərbaycan aktyor və rejissorları tənbəldir, onların tənbəlliyi dünyada məşhurdir. Çalışqan deyillər, ancaq demoqoqluqla, onun-bunun dalınca danışmaqla məşğul olurlar. Söhbət əksəriyyətdən gedir. Biz teatrlardan adətən “mənə bütün tamaşalarda rol verilməlidir”, “mənə prezident təqaüdü versilsin” kimi iddialar eşidirik. Hər kəs fəxri ad, təqaüd istəyir, amma heç kəs yenilik yaratmır, işlədiyi yerdə üsyan edib yeni teatr texnologiyaları yaradılmasını istəmir. Sistem elə qurulub ki, sənət adamlarının müstəqilliyinə Mədəniyyət Nazirliyinin məmurları və teatr direktorları imkan vermir. Hər hansı bir yenilik, etiraz görən kimi onu söndürməyə çalışırlar. Bunu studiyalar vasitəsilə etmək lazımdır. Rusiyada, Gürcüstanda, Türkiyədə və başqa ölkələrdə teatrlar yeniliklə ayaqlaşır, bizdə niyə yoxdur? Teatrların nəzdində studiyalar olmalıdır, amma onlar pul silmək üçün yox, sözün həqiqi mənasında yaradıcılıq emalatxanası olmalıdır. Bu həm yaşlı aktyorları müasirləşdirmək, həm də yeni gələn aktyorları teatrın ab-havasına alışdırmaq üçün vacibdir. Universitetdən məzun olanlar teatrların tələblərinə cavab verməyə bilər... Bu sahədə yeniliklər olmalıdır, bu vacibdir” - deyə A.X.Əbilov bildirdi.

Əli TURABOV

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar