27/07/2024 11:14
728 x 90

Muzey və kitabxanalarda təbliğat...

img

Bütün dövrlərdə cəmiyyətlərdə istənilən məsələnin təbliğ edilməsi insanlara təsirsiz ötüşməyib. Ayrı-ayrı qüvvələr təbliğat vasitələrindən istifadə etməklə öz məqsədlərini, dünyagörüşlərini yayıblar. Əlbəttə, biz burada daha çox faydalı, maarifçi, vətənpərvərlik ruhunun güclənməsinə təsir edən amillərdən danışırıq, onları nəzərdə tuturuq.

Muzeylər, kitabxanalar, bu və digər mədəni-maarif ocaqları xalqımızın həyatında həmişə mühüm rol oynayıb. Vaxtilə mədəni-maarif ocaqlarında İkinci Dünya müharibəsi qəhrəmanları və Birinci Qarabağ müharibəsi qəhrəmanları ilə bağlı silsilə tədbirlər keçirilir, onların qəhrəmanlığını təbliğ edirdilər. Bu gün də muzey və kitabxanalarda, məktəblərdə keçirilən mədəni maarif tədbirlərində biz müasir qəhrəmanlarımızı daha yaxından tanıya bilirik. Sevindirici haldır ki, tədris proqramlarına da tarxi qəhrəmanlarımızla yanaşı müasir qəhrəmanlarımız barədə də geniş məlumatlar salınıb, şagirdlərə onların igidliyi, vətənpərvərliyi bir örnək kimi göstərilir. 

  • Muzey və kitabxanalarda müasir qəhrəmanlarımız necə təbliğ olunur?

Azərbaycan xalqı tarixən öz igid oğulları, düşmənə göz dağı verən, sinəsini yağı gülləsinə sipər edən, canını vətənə qurban verən övladları ilə də şöhrət tapıb. Biz Azərbaycan oğullarının qəhrəmanlığı barədə tarixin hər çağından soraq alırıq. Sevindirici haldır ki, o qəhrəmanlıq ənənələri bu gün də yaşamaqdıdır, bu müqəddəs yolun on minlərlə yolçusu var. 4 günlük Aprel savaşında, Tovuz döyüşlərində, 44 günlük vətən savaşında, 24 saatlıq lokal antiterror tədbirlərində biz Azərbaycan oğullarının yaratdığı qəhrəmanlıq epopeyasına yenidən şahid olduq. Məlumdur ki, vətən uğrunda canını fəda edən şəhidlərimiz bardə çoxlu sənədli filmlər çəkilib, məqalələr yazılıb, kitablar çap edilib. Biz bu sahədə Mədəniyyət Nazirliyi yanında Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi möhtəşəm layihələr, nəşr etdiyi kitabları (Xatirə Kitabı redaksiyası  ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, vətən bölünməz” silsiləsindən yazılan seria kitablar nəzərdə tutulur-İ.S ), xüsusi buraxılışları, cildlikləri, çəkdiyi sənədli filmləri xüsusi qeyd etmək istəyirik. Çünki onlar Azərbaycanın qəhrəmanlarının ömür və döyüş yolunun təbliğinə, tanıdılmasına, yaddaşlarda yaşadılmasına yönəlik işlərdir. O nəşrlərin də, filmlərin də mədəniyyət ocaqlarında, muzeylərdə, kitabxanalarda geniş təqdimatları keçirilir. Ümumiyyətlə, təkcə Xatirə Kitabının layihələri deyil, başqalarının da yazdığı kitabların təbliğində muzeylərimiz, kitabxanalarımız aktivlik göstərir, tədbir təşkil edirlər, sərgilər açırlar. Bütün bunlar qəhrəmanlıq irsimizin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə imkan yaradır. Şəhidlərlə bağlı anım tədbirlərinin keçirilməsi, şagirdlərin, incəsənət xadimlərinin qatqısı ilə kecələrin düzənlənməsi də muzey və kitabxanaların iş planına daxildir. Məsələn, 27 sentyabr Anım Günü ənənəvi olaraq ölkəmizin bütün muzey və kitabxanalarında qeyd edilir. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, canlarını torpaqlarımız uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Anım Günü tədbirlərinə şəhid ailələri, qazilər, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri, rayonların ictaimi nümayəndələri qatılırlar. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi işığında onların yaratdıqları qəhrəmanlıq salnaməsindən danışılır. Onu da qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi başda olmaqla ölkə muzeylərində  şəhid və qazilərin şəxsi əşyaları qorunur. Muzeylərin Vətən Müharibəsi fondunda bu əşyaların qorunması tarixi qələbəmizi əks etdirən material kimi öyrənilir və təbliği olunur. Muzeyin şanlı tariximizin əbədiləşdirilməsi istiqamətində  xeyli işlər görülüb. Azərbaycan Tarixi Muzeyində 2021-ci ilin əvvəlində Vətən Müharibəsi fondunun yaradılıbı, həmçinin həmin dövrdə ölkədə ilk dəfə olaraq 44-günlük müharibənin tarixini əks etdirən sərginin açılıb. Muzeylərin bu kimi tədbirləri keçirməkdə məqsədləri gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin, Vətən Müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarətdir. Muzeylər həm də Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin  ailə üzvlərini və qaziləri də gənc nəslə tanıdır.

Vətən müharibəsindən sonra İstiqlal Muzeyində də 44 günlük müharibədə şəhid olan qəhrəmanlarımızı, qazilərimizi təbliğ edilir. Bir sözlə, muzey və kitabxanalar bu istiqamətdə geniş işlər görür.

  • “Müasir möhtəşəm qəhrəmanlıq irsimiz gənc nəslin yaddaşına həkk olunmalıdır”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, müasir qəhrəmanlarımızın təbliğatında mədəni-maarif ocaqları xüsusi rol oynayır. Kitabxanalarda şəhidərimizə, qazilərimizə həsr olunan kitabların olduğunu vurğulayan alimin sözlərinə görə, bu da onların təbliğatına geniş şərait yaradır: “Müasir qəhrəmanlarımızın gənclərimiz arasında geniş təbliğ olunmasında muzey və kitabxanalar da mühüm işlər görür. Hər bir kitabxana, hər bir muzey yerləşdiyi ərazidə  yaşamış olan şəhidlərin, orada yaşayan qazilərin ayrıca güşələrini yaratmalıdır, onlar haqda məlumatlar, kitablar sərgiləməlidirlər. Azərbaycan cəmiyyətinin əsas qəhrəmanı qazilərimizdir, şəhidlərimizdir. Kitabxana və muzeylərdə bu istiqamətdə işlər daha da gücləndirilməlidir. Monitorlar quraşdırılmalı o monitorlarda qəhrəmanlıq dastanı yaradanlar təbliğ edilməlidir. Çünki bizim müasir möhtəşəm qəhrəmanlıq irsimiz gənc nəsilin yaddaşına həkk olunmalıdır. Kitabxana və muzeylər müasir texnologiyanın günücndən istifadə edib bu sahədə daha geniş işlər görməyi planlaşdırmalıdır”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar